Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman, Təhsil nazirliklərinin dəstəyi ilə muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil müəssələri arasında “Gənc xilasedici və yanğınsöndürən” XI ümumrespublika yarışlarının muxtar respublika üzrə zona birinciliyi keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Vətənimiz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirin açılışında çıxış edən Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev, təhsil naziri Elxan Nəcəfov, gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.
Sonra yarışa start verilib. Yarış “Kombinə edilmiş yanğın estafeti” və “Maneələr zolağı” adlı iki mərhələdən ibarət olub. Nəticələrə əsasən Naxçıvan şəhər 14 nömrəli tam orta məktəb birinciliyin qalibi olub. Ordubad rayon Sabirkənd tam orta məktəbi ikinci və Culfa şəhər 3 nömrəli tam orta məktəb isə üçüncü yerə layiq görülüb. İlk 2 yeri tutan komandalar ümumrespublika birinciliyində iştirak hüququ qazanıblar.
İlk üç yerin sahiblərinə fövqəladə hallar naziri Şahin Mirzəyev, təhsil naziri Elxan Nəcəfov, gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov tərəfindən kubok və fəxri fərmanlar təqdim edilib.
Yarışmanın əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarətdir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti